Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 90 yaşına təhsil və yaradıcılıq sahəsində böyük nailiyyətlərlə qədəm qoyur. Yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda mədəniyyət və incəsənət üzrə mütəxəssis hazırlayan universitetimiz öz başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürür.O zaman məşhur sənətkarımız, Milan və Kiyev şəhərlərində təhsil almış, opera səhnəmizin ilk professional müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi və təşəbbüsü ilə yaradılmış bu sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs demiş və onun inkişafında xidmətləri olmuş sənətkarlardan Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Aleksandr Tuqanov, Rza Sarabski və başqalarının adları xüsusi qeyd olunmalıdır. Teatr Məktəbinin ilk məzunları içərisində Fatma Qədri, Rza Əfqanlı, Şüa Şeyxov, Hacıməmməd Qafqazlı, sonrakı illərdə Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Ələsgər Şərifov, Gülxar Həsənova, Nəsibə Zeynalova və başqa tanınmış sənətkarlar olmuşlar. O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. Bu kadrlardan görkəmli özbək aktyorları H.Nəsirova, N.Əliyeva, Z.Kabulov, X.Xocayev, S.Curabayev, Q.Yaqubov, məşhur türkmən aktyoru və rejissoru Altı Karlıyev və bir çox başqalarını qeyd etmək olar. Onların bir çoxu, o cümlədən görkəmli özbək aktrisası Həlimə Nəsirova sonralar SSRİ Xalq Artisti adına layiq görüldü. Bütün bunlar Bakı Teatr məktəbinin 20-30-cu illərdəki maarifçilik missiyasını bir daha təsdiq edir. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradıldı. Burada rejissorlardan Aleksandr Tuqanov, Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, aktyorlardan Hacağa Abbasov, Kazım Ziya, İsmayıl Dağıstanlı, Müxlis Cənizadə, nəzəriyyəçi alimlərdən Mikayıl Rəfili, Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev və başqaları dərs deyirdilər. O zamanlar Teatr İnstitutu məzunlarının çox hissəsi Azərbaycanın kənd rayonlarına göndərilirdi. Onlar ayrı-ayrı rayon mərkəzlərində yaranan teatrların təməlini qoyurdular. Tədris prosesində fərqlənən tələbələr təhsillərini davam etdirmək üçün Moskvaya və Leninqrada ezam edilirdi. 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutu Respublika Mədəniyyət Nazirliyinin tabeliyinə keçirildi. 1954-cü ildə instituta SSRİ Xalq Artisti Mirzağa Əliyevin adı verildi. Bu illərdə məzunlar arasında məşhur sənətkarlar Leyla Bədirbəyli, Məlik Dadaşov, Nəcibə Məlikova, Müxlis Cənizadə, Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov və başqa sənət xadimləri var idi. Sonrakı dövrdə Teatr İnstitutunda Zəfər Nemətov, Tofiq Kazımov, Nəsir Sadıqzadə, Əjdər Sultanov, Əli Zeynalov, Şəfiqə Məmmədova, Həsən Turabov, Amaliya Pənahova kimi məşhur aktyor və rejissorlardan ibarət kollektiv öz sələflərinin ənənələrini davam etdirmişlər. Ali təhsili müvəffəqiyyətlə başa vuran Turan Cavid, Ələmdar Quluzadə, Adil Babayev, Cabir Səfərov və başqaları institutda müəllim kimi saxlanıldı. Həmin illərdə Məmmədəli Əsgərov, Mahmud Allahverdiyev, Ədilə Əliyeva, İnqilab Kərimov kimi teatrşünaslar da pedaqoji fəaliyyətə cəlb olundular. 1958-59-cu tədris ilində Teatr İnstitutunun fəaliyyətində müəyyən dəyişikliklər edildi. Yeni fakültələr və ixtisaslar açıldı, tələbə qəbulu artırıldı, «Mədəni-maarif işi» ixtisasına ilk qəbul aparıldı.1968-ci ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırıldı. Tədris sahəsində yeni dərslik və dərs vəsaitləri, proqramlar hazırlandı. Respublika teatrları üçün kadr hazırlığı ildən-ilə genişləndirildi. Sonrakı illərdə aspirantura yolu ilə kadr hazırlığına xüsusi diqqət yetirildi. Müəllimlər keçmiş SSRİ-nin müxtəlif ali təhsil ocaqlarında ixtisasartırma və təkmilləşdirmə kurslarında təcrübə keçdilər. İnstitutun yetirmələri olan aktyorlar Səməndər Rzayev, Hamlet Xanızadə, Mikayıl Mirzə bu ali təhsil ocağına müəllim kimi işə cəlb edildilər. Universitetimizdə çalışan aktyorlar, rejissorlar bir çox sənət uğurlarına imza atmışlar. Xalq Artistləri Rza Təhmasibin peşəkar aktyor və rejissor fəaliyyəti, İsmayıl Dağıstanlının yaratdığı obrazlar (Ənvər Məmmədxanlının «Şərqin səhəri», İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» və s. əsərlərdə), Əməkdar Artist Müxlis Cənizadənin səmimiyyətlə dolu xarakterik səhnə və kino obrazları mənəviyyat xəzinəmizə əbədi daxil olmuşdur. Professor Mehdi Məmmədovun rejissurasında səhnə həyatı qazanmış «İntizar» (İlyas Əfəndiyev və Mehdi Hüseyn), «12-ci gecə» (V.Şekspir), «Müfəttiş» (N.V.Qoqol) və onlarla digər unudulmaz quruluşlar, Xalq Artisti Tofiq Kazımovun möhtəşəm rejissura seriyası (İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər» və başqa pyeslərinin səhnə təcəssümü) kamil lirik-psixoloji sənətkarlıq nümunələri idi. Xalq Artistləri Amaliya Pənahova, Həsən Turabov, Bəsti Cəfərovanın müxtəlif səhnə əsərlərində, o cümlədən V.Şekspir, C.Məmmədquluzadə, H.Cavid, İ.Əfəndiyevin pyeslərində yaratdıqları dolğun bədii surətlər nəsildən-nəsilə ötürülən sənətkarlıq ənənələrinin rəngarəng nümunələridir.1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizin qarşısında dünya ölkələri ilə əməkdaşlıq sahəsində geniş imkanlar açılmışdır. Bu imkanlar tədris sahəsinə, o cümlədən bizim universitetimizə də aiddir. Bu gün ADMİU geniş beynəlxalq əlaqələr şəbəkəsinə malikdir. Bu əlaqələr universitetlərarası qarşılıqlı müqavilələrin imzalanmasında, tələbə mübadiləsində, müəllimlərimizin digər ölkələrin ali məktəblərinə ezam olunmasında özünü büruzə verir. Mədəniyyət, elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr sahəsindəki fəaliyyətində prioritet istiqamətlər kimi dəyərləndirilir. Universitetimiz dünyanın bir çox ölkələrinin ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx əlaqələr saxlayır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, universitetimiz 22 xarici ölkənin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 24-i ilə universitetimiz arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Fərəhli haldır ki, tələbələrimiz bir çox beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşlər. Teatr sənəti sahəsində tələbələrimizin istər respublika daxilindəki, istərsə də beynəlxalq miqyasdakı uğurları bizi sevindirir. Belə ki, 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən tələbələrin I Beynəlxalq Tələbə Tamaşaları Festivalında universitetimizin «Aktyor sənəti» fakültəsinin tələbələri festivalın ali mükafatı olan «Qran-pri» mükafatını almışlar. Qazaxıstanda reallaşan başqa bir tədbir isə mənim şəxsən iştirak etdiyim «Bastau» Beynəlxalq Kino festivalı olmuşdur. Teatr festivalından daha öncə baş tutan bu tədbirdə də universitetimizin təmsilçiləri – tələbə və məzunlarımız öz filmlərini nümayiş etdirmişlər. Fərəhli haldır ki, müxtəlif ölkələrin təmsilçilərinin iştirak etdiyi «Bastau» Beynəlxalq Kino festivalından da nümayəndələrimiz mükafatlarla geri dönmüşlər. Bundan başqa, Tiflis Beynəlxalq Tələbə Etüdləri Festivalında tələbələrimiz «Təmas» adlı tamaşa ilə çıxış etmiş və festivalın sertifikatını almışlar. Türkiyədə, İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Tələbə Tamaşaları Festivalında da tələbələrimiz yüksək mükafata layiq görülmüşlər. Kino sənəti üzrə Strasburq şəhərində keçirilən Beynəlxalq Monumental foto müsabiqəsində tələbələrimiz birincilik qazanmışlar. Əlavə edim ki, aktyor və rejissor ixtisaslarında təhsil alan tələbələrimiz hər tədris ili müddətində təxminən 40-50 tamaşa hazırlayaraq təqdim edirlər.Son illərdə dövlətimizin mədəniyyət və incəsənət, xüsusən teatr sahəsinə göstərdiyi qayğı, teatrlarımızın təmiri, onların texniki təminat baxımından beynəlxalq standartlara cavab verməsi teatrlarımızın yeni yüksəliş mərhələsinə keçməsinin bariz nümunəsidir. 2010-cu ildə Bakıda keçirilmiş Beynəlxalq Teatr Festivalı bu sahədəki nailiyyətlərimizi bir daha parlaq şəkildə nümayiş etdirdi. Bu, dövlətimizin mədəniyyət sahəsindəki siyasətinin məntiqi nəticəsi idi. Məlum olduğu kimi, teatr təhsilinin mühüm sahəsini rejissorluq təşkil edir. Müstəqillik dövrünün nailiyyətlərindən danışarkən universitetdə «Rejissor sənəti»nin ayrıca bir fakültə kimi fəaliyyət göstərməsini xüsusi olaraq qeyd etməliyik. Bu gün universitetimiz müxtəlif yönümlü rejissor kadrları yetişdirir. Sənətdəki diferensiallaşma, ixtisas peşəkarlığının dərinləşməsi rejissura üçün çox səciyyəvidir. Hazırda universitetimiz teatr, kino, televiziya, musiqili teatr, estrada, kütləvi tədbirlər və bayramlar rejissoru kimi ixtisaslar üzrə mütəxəssis hazırlığı aparır. Yuxarıda qeyd etdiyimiz kimi, tədris prosesinə məşhur peşəkarlar cəlb olunmuşlar. Fakültədə Xalq Artistləri, professorlar Cənnət Səlimova, Ağakişi Kazımov, Azər Paşa Nemət, Eldar Quliyev, Oqtay Mirqasımov, Tofiq İsmayılov, Yalçın Əfəndiyev, Ramiz Əzizbəyli, əməkdar incəsənət xadimləri, dosentlər Bəhram Osmanov, Oqtay Babazadə, Amin Novruzov, Cəmil Quliyev və başqaları dərs deyirlər. Peşəkar musiqi ənənələrinin universitetimizdə dərin kökləri vardır. Bir daha xatırlatmaq istərdim ki, vaxtilə Teatr Məktəbinin yaradılmasının təşəbbüsçüsü və onun ilk direktoru olmuş professor Şövkət Məmmədova özü böyük müğənni, görkəmli musiqi xadimi idi. Onun səhnədəki peşəkar fəaliyyəti musiqi ilə aktyor sənətinin uğurlu, harmonik sintezini yaratmışdı.ADMİU respublikanın ictimai və mədəni həyatında yaxından iştirak edir. Bir çox nüfuzlu, beynəlxalq tədbirlərin, bayram proqramlarının hazırlanmasında müəllim və tələbələrimizin əməyi böyükdür.

#movie theater #social club #performance art theatre #performance art #college & university #food & beverage
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti